CƏMİYYƏT
Rəsmi İrəvan erməni xalqını yeni problemlərlə üz-üzə qoymaqdan çəkinməlidir
Bakı, 26 iyul, AZƏRTAC
Ermənistanın təxribat cəhdləri onun özünün fəlakəti ilə nəticələnə bilər. Ermənistanın sərhədin müxtəlif istiqamətlərində zaman-zaman təxribatlara cəhd etməsi, ordumuzun mövqelərini atəşə tutması terrorçu dövlətin özü üçün böyük fəlakət və ağır itkilərə yol aça bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, Azərbaycan 2020-ci il 10 noyabr Bəyanatının icrasına sadiqlik nümayiş etdirir və bu Bəyanatın bütün şərtlərinin icrası istiqamətində ardıcıl addımlar atır. Təəssüf ki, Azərbaycandan fərqli olaraq, Ermənistan 44 günlük müharibədə darmadağın olmasına baxmayaraq, hələ də təxribatlardan əl çəkmir, müxtəlif yollarla öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Halbuki hər kəsə məlumdur ki, məğlub Ermənistanın qalib Azərbaycan qarşısında hansısa uğura nail olması mümkün deyil. Ermənistan bunun üçün gərəkli olan hər cür perspektivdən uzaqdır.
Polkovnik qeyd edib ki, Ermənistan da bu həqiqəti anlamalı, belə təxribatlarla xalqını yeni problem və itkilərlə üz-üzə qoymaqdan çəkinməlidir. Rəsmi İrəvan dərk etməlidir ki, əgər bu təxribatlar davam edərsə, o zaman “Dəmir yumruq” yenidən hərəkətə gələ bilər. Bu da Ermənistan üçün son deməkdir. Çünki Azərbaycan bu günədək belə təxribatlar qarşısında kifayət qədər səbir və təmkin nümayiş etdirib. Bundan sonra Ermənistanın atdığı hər təxribatçı addım Azərbaycan tərəfindən daha sərt cavab tədbirinə səbəb ola bilər ki, bu da Ermənistanın, sadəcə, bu gününü deyil, sabahını da sual altında qoyacaq.