ELM VƏ TƏHSİL
Respublika fənn olimpiadaları üçün şagirdlər seçilib
Bakı, 29 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində respublika fənn olimpiadalarına hazırlıq məqsədilə sınaq yoxlamaları və monitorinqlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən sınaq yoxlamalarında VIII-XI sinif şagirdləri iştirak ediblər.
Sınaq yoxlamalarında şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar.
Şagirdlərin yazı işləri fənn müəllimlərindən ibarət komissiya tərəfindən yoxlanılıb. Sınaq yoxlamalarında yaxşı nəticə göstərən məktəblilər yanvar ayında keçiriləcək respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak etmək şansı qazanıblar.
Qeyd edək ki, respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.