REGİONLAR
Respublika müşavirəsi kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsində mühüm rol oynayacaq
Qax, 5 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin Balakən, Zaqatala və Qax rayonlarına səfəri bölgə sakinləri tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Dövlətimizin başçısının rəhbərliyi ilə son illər Azərbaycanın bütün regionlarının, o cümlədən bu bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən sakinlər budəfəki səfərin nəticələri ilə bağlı qəbul ediləcək qərarların rayonların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsinə böyük təkan verəcəyinə əminliklərini ifadə edirlər.
Səfər çərçivəsində avqustun 4-də Qaxda dövlətimizin başçısının sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin əhəmiyyətini yüksək qiymətləndirən Qax şəhər sakini, uzun illər kənd təsərrüfatı sahəsində çalışan Əsəd Məmmədov AZƏRTAC-a müsahibəsində deyib: “Müşavirədə bölgəmiz, o cümlədən rayonumuz üçün ənənəvi olan sahələrdəki mövcud vəziyyət ətraflı təhlil olundu, bu sahələrin perspektivlərindən geniş bəhs edildi. Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssis kimi deyə bilərəm ki, həqiqətən də, baramaçılıq, tütünçülük və fındıqçılıq tarixən rayonumuzun iqtisadiyyatında aparıcı rol oynayıb, kənd əhalisinin əsas məşğuliyyət sahələri hesab olunub. Təəssüflər olsun ki, bu gəlirli sahələr getdikcə tənəzzülə uğradı. Yalnız dövlətimizin başçısının uzaqgörənliyi, diqqət və qayğısı sayəsində son bir neçə ildə bu sahələrdə böyük irəliləyişlər baş verib. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin müsbət nəticələri göz qabağındadır”.
O qeyd edib ki, son bir ildə Qax rayonunda tütün əkini sahələri iki dəfədən çox genişləndirilərək 605,8 hektara çatdırılıb. Ötən illər ərzində 2800 hektarda yeni fındıq bağları salınıb. Cari mövsümdə 12,5 ton, yəni ötən ildəkindən 3,2 dəfə çox barama istehsal olunub. “Bütün bunlar, öz növbəsində, kənd yerlərində yüzlərlə yeni iş yerinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi deməkdir. Şübhəsiz ki, həyata keçirilən tədbirlər əhalinin sosial rifahını daha da yüksəldəcəkdir”, - deyə şəhər sakini bildirib.
Əsəd Məmmədov, həmçinin dövlətimizin başçısının səfərdən bir gün sonra Qax şəhərində abadlıq-quruculuq işlərinin, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı imzaladığı sərəncamların rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığını vurğulayıb.