ELM VƏ TƏHSİL
Respublikanın tektonik quruluşunun dəqiqləşdirilməsi üzrə yeni nəticələr əldə edilib
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Azərbaycanın neftli-qazlı rayonlarının tektonik quruluşu haqqında yeni məlumatlar (2D/3D seysmik məlumatlar əsasında)” mövzusunda tədbir keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun neft və qaz geologiyası və geofizikası şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Namaz Yusifovun mövzu ətrafında məruzəsi dinlənilib. Bildirilib ki, çoxillik seysmik tədqiqatlar əsasında respublikanın quru ərazisinə və Xəzər dənizinin Azərbaycan sektoruna aid çöküntü kompleksinin tektonik quruluşunun dəqiqləşdirilməsi üzrə yeni nəticələr əldə edilib. Son 20 ildəki 2D/3D seysmik məlumatların geoloji dəyərləndirilməsi əsasında əldə edilmiş nəticələrə görə isbat edilib ki, əsasən qravimaqnit və seysmik kəşfiyyatın DSZ-SDK üsullarının tətbiqi ilə tərtib edilmiş geoloji kəsilişlər və tektonik xəritələr bir sıra hallarda tədqiqat ərazilərinin geoloji modelləri haqqında təhrif olunmuş təsəvvür yaradır. Yerinə yetirilmiş tədqiqatların nəticələri əsasında yanlış təsəvvürlərin yaranma səbəbləri aydınlaşdırılıb. Göstərilib ki, Xəzərin Azərbaycan sektoru və respublikanın quru ərazilərində müasir texnologiyaların tətbiqi ilə əldə edilmiş yeni məlumatların qazanılmış nailiyyətlər nəzərə alınmaqla geoloji dəyərləndirilməsi neft-qaz perspektivli strukturların və qeyri-antiklinal növlü tələlərin aşkarlanması üçün zəmin yarada bilər.
Mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə həmçinin, “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”, “Qafqaz regionunun aktiv geodinamikası”, “Qarabağın geoloji-coğrafi Atlası”, “Kiçik Qafqazda kontakt-termal metamorfizmə və filizdaşıyan kalsiumlu skarn metasomatitlərinə dair dərc olunmuş elmi işlərin ümumiləşdirilib sistemləşdirilməsi” adlı qrant layihələri və elmi tədqiqat işlərinin icrası haqqında çıxışlar dinlənilib.