CƏMİYYƏT


“Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi çərçivəsində keçirilən vebinarlarda 2 mindən çox tələbə və məzun iştirak edib

Bakı, 14 avqust, AZƏRTAC 

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi uğurla yekunlaşıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri Rauf Vəliyevin sözlərinə görə, layihənin məqsədi rezidenturaya hazırlaşan tələbə və məzunlara dəstək vermək, pandemiya dönəmində onların hazırlıq səviyyələrini daha da yüksəltməkdən ibarət olub.

R.Vəliyev qeyd edib ki, yeni qəbul olunan qərara əsasən, bu il ATU-nun məzunları ilə yanaşı, IV və V kurs tibb tələbələri də rezidentura imtahanının baza fənləri mərhələsində iştirak hüququ qazanıblar: “Bu səbəbdən imtahanda iştirak edəcək şəxslərin sayı əvvəlki illərə nisbətən daha çox olub. Pandemiya ilə bağlı karantin rejiminə görə imtahanda iştirak edəcək namizədlərin hazırlıq prosesi tam başa çatmadığından onların imtahan hazırlığına dəstək olmaq çox önəmli idi. Odur ki, ATU, universitetin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə iyul-avqust aylarında “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi həyata keçirilib. Layihə çərçivəsində rezidenturaya hazırlaşan tələbə və məzunların müvafiq fənlər üzrə ekspert müəllimlərlə vebinar formatında görüşləri təşkil olunub. Görüşlər zamanı fənn ekspertləri tərəfindən vacib mövzularla bağlı izahat verilib, iştirakçıların sualları cavablandırılıb.

Yeddi fənn üzrə keçirilən 11 vebinarda, ümumilikdə, 2 mindən çox tələbə və məzun iştirak edib. “Zoom” tətbiqi ilə yanaşı, vebinarlar Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının “Facebook” səhifəsində canlı yayımlanıb ki, bu da görüşlərin geniş izləyici kütləsinə çatdırılmasına şərait yaradıb. Sosial şəbəkə vasitəsilə vebinarlar 15 mindən çox istifadəçi tərəfindən izlənilib. Bir ay müddətində davam edən layihə çərçivəsində vebinarların təşkili ilə yanaşı, iştirakçılara imtahanla bağlı elektron vəsaitlər də çatdırılıb.

Təşkilat bundan sonra da tələbələr üçün faydalı olacaq layihə və tədbirlərin təşkili ilə məşğul olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.