SİYASƏT
Rikardo Miqliori: İnsanların doğma yurd-yuvalarından didərgin düşmələri birbaşa onların hüquqlarının pozulmasına aid məsələdir
Bakı, 15 may (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikardo Miqliori ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bahar Muradova Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu demişdir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər ki, bu da ikitərəfli münasibətlərin inkişafına öz təsirini göstərir.
Bahar Muradova Rikardo Miqliorinin ATƏT PA-ya sədrlik etdiyi illəri bu qurumun inkişafında əhəmiyyətli dövr kimi səciyyələndirmişdir. O, R.Miqliorinin həmin dövrdə bütün əhəmiyyətli beynəlxalq hadisələrə operativ münasibət bildirməsini, Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlanmasını və Azərbaycana qarşı həmişə obyektiv mövqedə olmasını yüksək qiymətləndirmişdir. Diqqətə çatdırılmışdır ki, onun timsalında Azərbaycanın İtaliyada böyük bir dostu vardır.
Parlament diplomatiyasının əhəmiyyətindən danışan Bahar Muradova qeyd etmişdir ki, ATƏT-in məşğul olduğu regional münaqişələrin həllində səylər gücləndirilməli, konkret nəticələrə nail olunmalıdır.
R.Miqliori Azərbaycana səfərindən məmnunluğunu ifadə etmişdir. Azərbaycanın sürətli inkişafından danışan qonaq Avropanın enerji təhlükəsizliyinin təminində ölkəmizin gündən-günə artan rolunu xüsusi qeyd etmişdir. ATƏT-in ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əhəmiyyətli irəliləyişə nail olmadığını bildirən R.Miqliori demişdir: “Bizi ən çox narahat edən məsələ insanların öz doğma yurd-yuvalarından didərgin düşmələridir. Çünki bu, birbaşa insan hüquqlarının pozulmasına aid məsələdir”.
ATƏT PA-nın sabiq sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bundan sonra da əlindən gələni edəcəyini diqqətə çatdırmışdır.
Söhbət zamanı ATƏT-in Azərbaycanda keçiriləcək növbəti sessiyası və digər mövzularda fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclisin deputatı, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Əsədullayev və digər rəsmi şəxslər iştirak etmişlər.
Sonra Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT PA-nın sabiq sədri Rikardo Miqliori ilə görüşmüşlər.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunmuşdur.