İDMAN
Rikkardo Formula 1-in ən yaxşı pilotları siyahısına Şumaxeri daxil etməyib
Bakı, 1 avqust, AZƏRTAC
“Renault” komandasının pilotu Daniel Rikkardo Formula 1 tarixində özünün versiyasında 3 ən yaxşı pilotun adını çəkib.
AZƏRTAC xəbər verir ki, avstraliyalı əfsanəvi pilotlar sırasına Ayrton Senna və Mario Andrettini daxil edib, həmçinin reytinqdə Mark Uebber üçün də yer ayırıb.
“Ehtimal ki, ilk növbədə, Ayrton Senna. O, trasda və trasdan kənarda tamamilə müxtəlif idi. Trekdə o, amansız qatil idi, xaricində isə ciddi və xoşagələn qanqster idi. İkincisi Mario Andrettidir. O, seriyadan-seriyaya, Formula 1-dən Amerika yürüşlərinə atlanırdı. Təsəvvür edə bilmirəm ki, indiki vaxtda bunu etmək necə mümkün olardı. Bu, təsir bağışlayan idi. Bununla belə Andretti uğur qazanmaqda davam edirdi.
Daniel Rikkardo? Mən müasir pilotlardan kiminsə adını çəkərdim. Yəqin ki, Mark Uebber. Mən ona baxaraq böyümüşəm. Mən ona tamaşa edəndə başa düşürdüm ki, mənim arzularım həyata keçə bilər. Fikrimdə tutduqlarım yerinə yetməyə yaxınlaşdıqda isə mən ona zəng edə bilirdim. O, həmişə zənglərimi cavablandırar, mənə məsləhətlər verərdi”, - deyə Rikkardo “YouTube”da “Top Gear” rəsmi kanalında yerləşdirilən müsahibəsində bildirib.
Maraqlıdır ki, Rikkardo Formula 1 tarixinin ən yaxşı pilotları siyahısına ən titullu yürüşçü – Mixael Şumaxeri əlavə etməyib. Siyahıda, həmçinin Luis Hamilton, Xuan Manuel Fanxio, Niki Lauda, Alen Prost və dəfələrlə dünya çempionu olan digər pilotlar üçün yer olmayıb.