SİYASƏT
Riqada Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir
Riqa, 20 mart (AZƏRTAC). Martın 19-da Riqada Latviyadakı Azərbaycan səfirliyinin, “Ocaq” və “Azəri” cəmiyyətlərinin birgə təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları, rus məktəbinin şagirdləri iştirak etmişlər. “Ocaq” cəmiyyətinin sədri Roman Əliyev Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov Prezident İlham Əliyevin Novruz bayramı ilə əlaqədar təbriklərini iştirakçılara çatdırmışdır.
Sonra Kosa və Keçəlin iştirakı ilə şən səhnəciklər göstərilmişdir.
Məktəblilər Azərbaycana, Novruza həsr edilmiş şeirlər oxumuşlar.
Yaşlı nəslin nümayəndələri Novruz bayramı ilə bağlı uşaqlıq xatirələrini bölüşmüşlər.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa