CƏMİYYƏT
Rüb ərzində Dövlət Miqrasiya Xidmətinə 19 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
Bakı, 16 aprel, AZƏRTAC
Rüb ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 4665 qərar qəbul olunub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər cari ilin birinci rübündə də davam etdirilib.
Bu ilin birinci rübündə Bakıda, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 4665 qərar qəbul olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimənin tətbiq olunması ilə bağlı 2856 qərar qəbul edilib. Onlardan 2313-ü ölkəni tərk etmə barədə, 543-ü ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub. Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulması ilə bağlı qəbul edilmiş 1653 qərardan 1333-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimənin tətbiq olunması, 320-si Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyətin qoyulması ilə bağlı olub. Müvəqqəti və daimi yaşamaq üçün sənədin yenilənməsi ilə bağlı 53, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycanda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 92 qərar qəbul edilib.
Ümumiyyətlə, cari ilin birinci rübündə Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 19 min 40 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun qaydada araşdırılıb və müvafiq qərarlar qəbul olunub.
Bu ilin birinci rübündə olduğu yer üzrə qeydiyyatla bağlı 163 min 805 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Rüb ərzində DMX-nin “Çağrı mərkəzi”nə 24 min 197 zəng daxil olub.
Xidmət tərəfindən 2018-ci ilin birinci rübündə 20 maarifləndirmə tədbiri və 10 səyyar xidmət keçirilib.