QAN YADDAŞI
Rumıniya KİV-ləri 20 Yanvar faciəsi barədə məqalələr yayıb
Buxarest, 20 yanvar, AZƏRTAC
Rumıniyanın “Amosnews” xəbər agentliyi, “Ultima ora” (Son saat) qəzeti, “News24hours” xəbər portalı AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin 20 Yanvar faciəsi barədə məqaləsini yayıb.
Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilir, öz konstitusiya hüquqlarının bərqərar olunmasını tələb edən dinc və silahsız əhalinin - azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılır.
Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək sovet rəhbərliyinə qarşı açıq etirazını bildirdiyini, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini vurğulayır. Bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi.