İDMAN


“Rusiya 2018”: İsveç, yoxsa Cənubi Koreya?

Gün ərzində daha iki qarşılaşma keçiriləcək

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də “Rusiya 2018” futbol üzrə dünya çempionatının beşinci gününə “F” qrupunda yer alan İsveç və Cənubi Koreya milliləri arasındakı qarşılaşma ilə start verilib.

AZƏRTAC xəbər verir, “Nijniy Novqorod Arena”da oynanılan görüşü salvadorlu referi Xoel Aqilar idarə edir.

İsveçlilərin start heyətində Robin Ulsen, Makayel Lustiq, Andreas Qransvist, Ludviq Auqustinsson, Sebastyan Larsson, Albin Ekdal, Markus Berq, Emil Forsberq, Viktor Klasson, Pontus Yansson, Yula Toyvonen meydana çıxıblar. Komandanın baş məşqçisi Yann Anderssondur.

Cənubi Koreya yığmasının ilk “11”liyində isə Co Xen U, Li Yen, Pak Cu Xo, Son Xın Min, Kim Sin Uk, Xvan Xi Cxan, Ku Dja Cxol, Ki Son Yen, Li Dje Son, Kim Yen Qvon və Cxan Xen Su yer alıblar. Koreya millisinin məşqçisi Sin Txen Endir.

Qeyd edək ki, bu komandalar beynəlxalq turnirlərdə 1948-ci il Yay Olimpiya Oyunlarında üz-üzə gəliblər. Həmin görüşdə İsveç 12:0 hesabı ilə qələbə qazanıb. Son illərdə keçirilən üç yoldaşlıq görüşünün birində isveçlilər qalib gəlib, iki oyun heç-heçə yekunlaşıb.

Avropalılar 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviçdir (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).

Bundan əvvəl 9 dəfə dünya çempionatlarında yer alan Cənubi Koreya yalnız bir dəfə qrupdan çıxa bilib. Cənubi koreyalılar 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdikləri dünya çempionatında yarımfinala qədər irəliləyiblər. Yarımfinalda Almaniya yığmasına məğlub olan ev sahibləri üçüncü yer uğrunda görüşdə Türkiyə millisinə uduzublar. Həmin oyunda Hakan Şükürün qapıdan keçirdiyi top (11-ci saniyə) dünya çempionatlarında vurulan ən erkən qol kimi tarixə düşüb.

X X X

Gün ərzində növbəti oyun saat 19:00-da Soçidəki “Fişt Arena”da başlayacaq. “G” qrupunda yer alan mundialın favoriti sayılan Belçika millisi dünya çempionatında debüt edən Panama millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı zambiyalı Canni Sikazve idarə edəcək. Bu qarşılaşma İdman Azərbaycan və İctimai Televiziyada göstəriləcək.

Mundialın beşinci gününə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq Tunis-İngiltərə matçı ilə yekun vurulacaq. “G” qrupunda yer alan hər iki komandanın “Volqoqrad Arena”da keçiriləcək oyununu kolumbiyalı Roldan Vilmar idarə edəcək. Matç İdman Azərbaycan və İctimai Televiziyada kanallarında canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.