SİYASƏT


Rusiya Xarici İşlər Nazirliyi: Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx əlaqədədir

Moskva, 4 avqust, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyi Qarabağdakı insidentin diplomatik yolla həllinə çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatında deyilir.

“Biz Laçın dəhlizi regionunda və qoşunların təmas xəttinin digər sahələrində gərginliyin artması ilə əlaqədar son dərəcə narahat olduğumuzu bildiririk. Təəssüf ki, qurbanlar var. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - sənəddə deyilir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya sülhməramlıları “yerdə” vəziyyətin sabitləşdirilməsi üçün bütün səylərini göstərir. “Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ölkənin ali rəhbərliyi ilə aktiv iş aparılır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır”, - deyə bəyanatda qeyd edilir.

Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırır: “Biz ondan çıxış edirik ki, mövcud ziddiyyətlərin tənzimlənməsi yalnız siyasi və diplomatik vasitələrlə, tərəflərin mövqeləri nəzərə alınaraq və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilməlidir”.

Rusiya Xarici İşlər Nazirliyi tərəflərin səylərinin mövcud üçtərəfli danışıqlar formatları çərçivəsində Bakı və İrəvan arasında münasibətlərdə müsbət gündəliyin formalaşmasına cəmlənəcəyinə əminliyini ifadə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.