DÜNYA
Rusiya istehsalı olan LiAZ elektrobusları sınaqdan keçirilir
Moskva, 19 yanvar, AZƏRTAC
Moskvada Rusiya istehsalı olan LiAZ-6274 elektrobuslarının sınaqlarına başlanılıb. Sınaqlar uğurla keçərsə, avtobusların marşrut xətlərinə buraxılması planlaşdırılır.
Altı ay ərzində bir neçə mərhələdə aparılacaq sınaqlar zamanı mütəxəssislər elektrobusların müxtəlif hava şəraitində necə işlədiyini yoxlayacaqlar.
Elektrobuslar ilkin mərhələdə Moskvada tıxacların az olduğu saatlarda hərəkət edəcək. Mütəxəssislər, həmçinin elektrobusların havalandırma sisteminin də işləməsi şərti ilə avtonom rejimdə 200 kilometr hərəkət imkanlarını sınaqdan keçirəcəklər.
Likinsk Avtomobil Zavodunda istehsal olunan 20 oturacaqdan ibarət avtobuslar 85 sərnişin üçün nəzərdə tutulub. Avtobusun maksimal hərəkət sürəti saatda 80 kilometrdir. Akkumulyator gündə 200 kilometr qət etmək üçün 380 voltluq elektrik şəbəkəsindən gecə səhərədək və gün ərzində yarım saat doldurulur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva