İDMAN
Rusiya və İngiltərə komandaları Avropa çempionatından kənarlaşdırıla bilər VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Əgər Rusiya və İngiltərə azarkeşləri arasında yenidən toqquşma baş versə, bu ölkələrin komandaları Avropa çempionatından kənarlaşdırıla bilər. UEFA belə bir bəyanatla çıxış edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bundan əvvəlki dava-dalaşa görə təşkilatın Rusiya Futbol İttifaqına sanksiya tətbiq edib-etməyəcəyi sabah – Slovakiya ilə oyun ərəfəsində məlum olacaq.
Xatırladaq ki, rus və ingilis fanatlar arasında insident komandaların iyunun 11-də keçirilən görüşü ərəfəsində Marseldə baş verib. Oyundan sonra da davam edən toqquşma bir neçəsi ağır olmaqla, ümumilikdə 35 nəfərin xəsarət alması ilə nəticələnib. Yaralananlar arasında 5 rusiyalının olduğu bildirilir.
Polis rusiyalı azarkeşlərin qaldığı oteldə reyd keçirib. Onların sənədləri yoxlanılıb, fotoşəkilləri çəkilib.