DÜNYA
Rusiyanın “VTB” bankı yuanda istiqraz buraxılışını nəzərdən keçirir
Bakı, 8 noyabr, AZƏRTAC
Rusiyanın “VTB” bankı yuanda istiqraz vərəqəsi buraxılışının yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, bu barədə bankın rəhbəri Andrey Kostin bildirib.
“Maliyyə Nazirliyi yuanda istiqraz buraxmaq istədiklərini bildirib. Biz əlbəttə ki, bu prosesin iştirakçıları olmağa hazırıq. Lakin hazırda buna ehtiyac yoxdur, ona görə də yaxın vaxtlarda istiqraz yerləşdirilməsindən söhbət getmir. Çin yuanında istiqraz gələn il yerləşdirilə bilər”, - deyə A.Kostin deyib.
O qeyd edib ki, “VTB” Çinin “China Development Bank”ı ilə ticarətin maliyyələşdirilməsi haqqında saziş imzalayıb. Saziş təxminən 110 milyard rubl məbləğində vəsaitin cəlb edilməsini nəzərdə tutur. Kredit yuanda veriləcək.
Oktyabrda Maliyyə Nazirliyinin departament direktoru Konstantin Vışkovski deyib ki, 2016-cı ilin sonuna qədər Rusiya Çin yuanında dövlət istiqrazlarını buraxa bilər.
Qeyd edək ki, sentyabrda Rusiya on il müddətinə 1,25 milyard dollarlıq avrobond yerləşdirib. Mayda isə ölkə 1,75 milyard dollar məbləğində borc götürüb.