İQTİSADİYYAT
SAATLIDA GENİŞMİQYASLI QURUCULUQ İŞLƏRİ APARILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonda yeni istehsal sexləri açılır, sosial obyektlər istifadəyə verilir. Saatlı şəhərinin küçələrinə asfalt döşənir, park və bağlarda bərpa, təmizlik-abadılıq işləri görülür, əyləncə mərkəzləri təşkil edilir, əhalinin mənalı istirahəti üçün şərait yaradılır.
Qısa müddətdə yerli sahibkarlar 2 üzlük – plitə sexi, 1 qarışıq yem sexi yaradaraq istifadəyə vermişlər. Həmin sexlərdə 25 nəfər işlə təmin olunmuşdur.
Bir saatda 2 ton məhsul istehsal edəcək qarışıq yem sexi isə kənd sakinləri üçün qiymətli töhfə olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ərəfəsində açılmış qarışıq yem sexində 5 nəfər rayon sakini işlə təmin olunmuşdur.
Mayın 7-də rayonun yeni inzibati ərazi vahidi olan Soltanabad kəndində mühüm sosial obyekt - 100 yerlik yeni məktəb binası istifadəyə verilmişdir. Bu təhsil ocağı müasir tədris avadanlığı və ləvazimatlarla təchiz edilmişdir.
Görülən bütün işlərdə, həyata keçirilən tədbirlərdə saatlılılar coşğun həvəs və yüksək əhval-ruhiyyə nümayiş etdirirlər.