“SƏDƏRƏK QALASI” ARXEOLOQLARIN YENİ TAPINTISIDIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illərdə arxeoloqlar Naxçıvan Muxtar Respublikasında - Sədərək yaxınlığındakı Vəlidağ ərazisində “Sədərək qalası” adlı qədim abidə aşkar etmişlər. Min metrədək hündürlükdə yerləşən və 3 tərəfdən iri qayalarla əhatə olunmuş qalanın divarlarının eni təxminən 3-3,5 metrdir. Uzun illər Naxçıvanın müxtəlif bölgələrində arxeoloji qazıntılar aparan Azərbaycan MEA-nın müxbir üzvü Vəli Əliyev, arxeoloqlar Səfər Aşurov, Nəcəf Müseyibov, Rəsul Bağırov və başqaları bir neçə dəfə Sədərək qalasında olmuş, ilkin arxeoloji tədqiqatlar aparmışlar. Son Tunc və ilk Dəmir dövrünə aid (eramızdan əvvəl XIV-VII əsrlər) qaladan eramızdan əvvəl 2-ci minilliyin ikinci yarısı - 1-ci minilliyin əvvəllərinə aid boz, qara və açıq çəhrayı rəngli gil qab qırıqları və obsidian daşlar əldə edilmişdir. Qala divarları boyunca vaxtilə bürclər və güllələr də mövcud olduğu ehtimal edilir. Yaxın gələcəkdə Sədərək qalasında geniş arxeoloji qazıntılar aparılması nəzərdə tutulur.