İQTİSADİYYAT
SƏDDAM HÜSEYNƏ MƏXSUS DAHA 1,2 MİLYARD DOLLAR AŞKAR EDİLMİŞDİR
İTAR-TASS Agentliyindən AZƏRTAC-a daxil olmuş xəbərdə deyilir ki, ABŞ və onun müttəfiqləri Səddam Hüseynə məxsus daha 1,2 milyard dollar maliyyə vəsaiti aşkar etmişlər. Bu, ABŞ-ın Maliyyə Nazirliyindəki mənbələrdən məlum olmuşdur. Nazirliyin nümayəndəsi bildirmişdir ki, tapılan pullar İraqın müharibədən sonrakı bərpasına sərf olunacaqdır.
Söhbət arxasında Səddam Hüseynin və onun hökumətinin yüksək vəzifəli nümayəndələrinin dayandığı ünvanlarda qeydiyyatda olan valyuta ehtiyatlarından, brilyantlardan və daşınmaz əmlakdan gedir. Həmin aktivlərin hansı ölkələrdə yerləşdirildiyi bildirilmir. Bu vəsaitlərin İraq hökumətinin 1,74 milyard dollar həcmində müsadirə edilmiş bank hesablarının bir hissəsi olmadığı göstərilir. Bundan əlavə, müxtəlif ölkələrdə İraqın daha 600 milyon dollar məbləğində vəsaiti dondurulmuşdur. ABŞ hökumətinin fikrincə, Hüseyn rejiminin gizlətdiyi milyardlarla dollar indiyədək tapılmamışdır.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, yeni tapılan vəsait iraqlıların əmək haqqının və pensiyalarının ödənilməsinə, habelə müharibədən zərər çəkmiş əhaliyə humanitar yardıma sərf olunmalıdır.