SİYASƏT


SƏFİRİN İŞGÜZAR GÖRÜŞLƏRİ

Fransa respublikasının prezidenti Jak Şirak Yelisey sarayında xarici ölkə səfirlərinin yeni ildə ənənəvi qəbulunu keçirmişdir. Qəbul zamanı prezident səfirləri Yeni il bayramı münasibətilə təbrik etmiş, ölkələrarası hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində onlara uğurlar arzulamışdır. 

Sonra prezident səfirləri bir-bir salamlamışdır. Xanım Eleonora Hüseynova ilə qısa görüşündə Jak Şirak yaxın dostu, ölkəmizin prezidenti Heydər Əliyevə səmimi salamlarını yetirməyi, Azərbaycan xalqına əmin-amanlıq arzularını çatdırmağı səfirdən xahiş etmişdir.

X x x

Ölkəmizin Fransadakı səfiri Eleonora Hüseynova yeni ilin ilk günləri Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, elmi, təhsil və mədəni əlaqələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmlənməsi ilə bağlı bir sıra görüşlər keçirmişdir.

Fransa Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tiyeri Dana ilə görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrə toxunulmuş, bu əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.

ATƏT-in Minsk qrupunun Fransa tərəfindən həmsədri Filipp Dö Sürmenlə söhbətdə Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların davam etdirilməsi və münaqişənin sülh yolu ilə həll olunması sahəsində Fransa prezidenti Jak Şirakın səylərini yüksək qiymətləndirmişdir.

Senatın Fransa-Azərbaycan dostluq qrupunun yeni sədri Ambruaz Düponla görüş zamanı iki ölkə arasında mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi barədə ətraflı söhbət aparılmışdır.

Senatın Fransa-Azərbaycan dostluq qrupunun fəxri sədri, keçmiş senator Jan Buaye ilə görüşdə 2003-cü ildə La Kot Sən-Andre qəsəbəsində keçiriləcək “Berlyoz” festivalında Azərbaycan musiqiçilərinin iştirakı məsələsi müzakirə olunmuşdur.

Fransa milli assambleyasının mədəni məsələlər komissiyasının sədri Jan Valaqla keçirilmiş görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin tarixindən və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.

Səfir Eleonora Hüseynova Sorbon universitetinin professoru, beynəlxalq siyasət üzrə mərkəzin rəhbəri, tanınmış hüquqşünas Şarl Zorçbibi və elmlərarası sənədli axtarışlar mərkəzinin prezidenti, professor Mişel Popoforu qəbul etmişdir. Səfir Ermənistan-Azərbaycan münaqişəsi, erməni qəsbkarları tərəfindən ərazimizin 20 faizinin işğal olunması, Azərbaycanın bir milyondan artıq vətəndaşının yerindən-yurdurdan qaçqın düşməsi barədə onlara ətraflı məlumat vermişdir.

Tanınmış telejurnalist Kristian Malarla görüşdə səfir Azərbaycan həqiqətlərinin və ölkəmizdə baş verən ictimai-siyasi dəyişikliklərin fransız xalqına, dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini xüsusi vurğulamış, bu sahədə əməkdaşlıq məsələlərindən söhbət açmışdır.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.