İQTİSADİYYAT
SAHİBKARLARA KÖMƏK MƏQSƏDİ İLƏ
Azərbaycan Respublikası Prezidentinin kiçik və orta sahibkarlığın inkişafına dövlət qayğısının artırılması sahəsində qəbul etdiyi qərarların icrasını təmin etmək və sahibkarlara biznes-planların hazırlanmasında kömək göstərmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri 23 sentyabr - 3 oktyabr tarixlərində respublikanın 57 şəhər və rayonunu əhatə edən 9 bölgəsində - Bakı, Gəncə, Şəki, Əli Bayramlı şəhərlərində, Bərdə, Göyçay, Quba, İmişli və Masallı rayonlarında “Biznes - planların hazırlanması” mövzusunda seminarlar keçirmişlər. Seminarlarda 1000-dən artıq sahibkar, habelə sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən şəxslər iştirak etmişlər.
Seminarlarda Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri “Biznes fəaliyyəti, istehsalın təşkili və idarə edilməsi”, “Marketinq planı” və “İnvestisiya qoyuluşu və gözlənilən risklər” mövzularında məruzələrlə çıxış etmiş, seminar iştirakçılarına sahibkarlıq fəaliyyətinin mahiyyəti, onun təşkili və həyata keçirilmə formaları, sahibkarlıq fəaliyyətini tənzimləyən iqtisadi qanunvericilik, biznes-planların tərtib olunması, həmçinin marketinq və maliyyə planlarının hazırlanması qaydaları haqqında ətraflı məlumat vermişlər.
Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı imzaladığı son fərman və sərəncamlarda və digər sənədlərdə dövlət qurumları üçün müəyyən edilmiş vəzifələrlə,
həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı seminar iştirakçılarını maraqlandıran suallara ətraflı cavab verilmişdir.
Ölkədə sahibkarlıq fəaliyyətinin sürətlə inkişaf etdiyi və bu sahəyə dövlət qayğısının daha da gücləndiyi bir vaxtda keçirilmiş seminarlara bölgələrdə böyük maraq göstərilmiş və ölkə başçısı tərəfindən özəl bölmənin inkişafına xüsusi diqqət yetirilməsi, bu sahənin sürətlə inkişafına hüquqi və maddi zəmin yaradan son fərman və sərəncamların əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti