İDMAN
ŞƏKİDƏ ÇÖVKƏN MİLLİ OYUNU ÜZRƏPREZİDENT KUBOKU UĞRUNDAYARIŞLAR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də yarışların keçirildiyi atçılıq mərkəzinə üç istiqamətdən atüstü turist yürüşü təşkil edilmişdir. 45 kilometrlik məsafəni “Sahil” ləqəbli atla daha tez qət edən Ağdam təmsilçisi Rauf Tahirov birinci yeri tutmuşdur. Ağstafalı Şamxal Əhmədov və Ağdamın digər təmsilçisi Ülviyyə Əliverdiyeva sonrakı yerlərə layiq görülmüşlər.
Dekabrın 23-də Şəki Atçılıq Turizm Mərkəzində çövkən milli oyunu üzrə Prezident Kuboku uğrunda yarışların təntənəli açılış mərasimi olmuşdur. Mərasimi giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bu yarışların ölkəmizdə, eləcə də bu regionda atçılıq turizmi və milli oyunların inkişafı, habelə gənclərdə vətənpərvərlik və milli adət-ənənələrə hörmət hissinin daha da artırılması məqsədi daşıdığını bildirmişdir.
Mərasim iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov belə bir tədbirin məhz Şəkidə keçirilməsindən məmnun qaldığını bildirmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır. İgidlik, şücaət, qəhrəmanlıq rəmzi olan, haqqında dastanlar, nağıllar yazılan, mahnılar bəstələnən bu vəfalı heyvanın təsvirinə qədim Şəkinin gerbində də rast gəlindiyini iftixar hissi ilə bildirən icra hakimiyyətinin başçısı, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Şəkidə Atçılıq Turizm Mərkəzinin yaradılmasını bu sahənin inkişafına göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu söyləmiş, bu hədiyyəyə görə şəkililər adından dövlətimizin başçısına dərin minnətdarlıq ifadə etmişdir.
Mərasimdə Atçılıq Turizm Mərkəzinin direktoru Rafiq Ramazanov, Gəncədən olan qocaman atçı, çövkən milli oyunu üzrə ölkəmizdə keçirilən ilk birinciliklərin iştirakçısı 84 yaşlı Fikrət Hüseynov çıxış edərək, komandalara uğurlar arzulamışlar.
Rəsmi hissədən sonra milli musiqi və rəqslərin müşayiəti ilə şəkili pəhləvanların çıxışı olmuşdur.
Sonra yarışların ilkin mərhələsinin oyunları keçirilmişdir. İlk olaraq meydançaya Şəki və Zaqatala komandaları çıxmışlar. Gərgin keçən oyunda Şəki komandası 2:0 hesabı ilə qalib gəlmişdir. Qazax-Qax və Oğuz-Ağdam komandalarının oyunlarında əsas vaxtda qaliblər müəyyənləşməmişdir. Penalti zərbələri ilə Qazax və Ağdam komandaları qələbə qazanmışlar. Ağstafa-Balakən komandalarının görüşü isə 2:0 hesabı ilə ağstafalıların xeyrinə başa çatmışdır.
Yarışlara dekabrın 24-də yekun vurulacaqdır.