REGİONLAR
ŞƏKİ TAXILÇILARINA BUĞDA ƏKİNLƏRİNƏ GÖRƏ 2 MİLYON MANATA YAXIN YARDIM VERİLMİŞDİR
Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarına uyğun olaraq, 2008-ci ilin məhsulu üçün buğda əkilmış 49 min 710 hektar əkin sahəsinə görə Şəki rayonu üzrə 5 min 609 nəfər fiziki və hüquqi şəxsə ümumilikdə 1 milyon 988 min manat yardım verilmişdir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, Nazirlər Kabinetinin həmin qərarı fermerlərdə buğda əkininə marağı xeyli artırmışdır. Məhz bunun nəticəsidir ki, rayonda taxıl əkini sahələri əvvəlki ilə nisbətən 20 min hektara yaxın genişləndirilərək, 68 min 233 hektara çatdırılmışdır. Taxıl əkinlərinin 53 min 770 hektarını buğda, 14 min 463 hektarını isə arpa sahələri təşkil edir.
Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, əkin sahələrinin becərilməsinə sərf edilən yanacaq və motor yağlarına görə ötən il Şəki rayonu üzrə 12 min 990 nəfər istehsalçıya ümumilikdə 2 milyon 183 min manat yardım verilmişdir. Bundan əlavə, 2007-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştli qiymətlə 550 tona yaxın azot və fosfor gübrəsi satılmışdır.