RƏSMİ XRONİKA
SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Litva Respublikasının Prezidenti Valdas Adamkus iyunun 9-da Səngəçal terminalı ilə tanış olmuşdur.
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və bp şirkətinin vitse-prezidenti Mayk Tauzent ali qonağı hörmətlə qarşıladılar.
Litva Prezidentinə 1994-cü ildən Azərbaycanda ümummilli lider Heydər Əliyevin neft strategiyasının reallaşması istiqamətində həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verildi. Səngəçal terminalının ölkəmizdə ən iri layihələrdən biri olduğunu və 2001-ci ilin noyabrında tikintisinə başlandığı bildirildi.
Terminalın Xəzər Enerji Mərkəzinin geniş salonunda Azərbaycanda neft strategiyasının uğurlarını əks etdirən film nümayiş etdirildi. Prezident Valdas Adamkusa bu film vasitəsilə Xəzərin karbohidrogen ehtiyatları, “Azəri-Çıraq-Günəşli” yataqlarından Səngəçal terminalına çəkilən boru xətləri, terminalda tikilən irihəcmli neft çənləri, baş nasos stansiyası və digər mühüm əhəmiyyətli işlər barədə məlumat verildi.
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Prezident İlham Əliyevin adından ali qonağa Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rəmzi olan xatirə hədiyyəsini təqdim etdi. Prezidentə Səngəçal terminalının Xəzər Enerji Mərkəzi adından da hədiyyə verildi.
Sonra Litva Prezidenti Valdas Adamkus və onu müşayiət edən şəxslər avtobuslarla Səngəçal terminalının ərazisini gəzdilər. Məlumat verildi ki, Səngəçal terminalından Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərlərinin ölkə ərazisindəki hissələrində bütün prosesləri izləmək mümkündür və Azərbaycan nefti BTC vasitəsilə Ceyhan terminalına çatdırılmış, tankerlərə yüklənərək dünya bazarına çıxarılmışdır. Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarına ildə 50 milyon tondan çox neft ixrac ediləcəkdir.
Litvanın dövlət başçısı buradakı nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə də tanış oldu.
Prezident Valdas Adamkus Səngəçal terminalı ilə tanışlıqdan məmnun qaldığını bildirdi.