ELM VƏ TƏHSİL


SANKT-PETERBURQ SMOLNI UNİVERSİTETİNDƏ AZƏRBAYCANIN MƏDƏNİ İRSİNİN ÖYRƏNİLMƏSİ MƏRKƏZİ YARADILACAQ

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı Slavyan Universitetində Rusiya Təhsil Akademiyası Sankt-Peterburq Smolnı Universitetinin rektoru, Beynəlxalq Energetika Akademiyasının akademiki, Humanitar Elmlər Akademiyasının müxbir üzvü həmvətənimiz Heydər İmanovla görüş olmuşdur.

BSU-nun rektoru, professor Kamal Abdullayev qonağa bu ali məktəbin struktur və fəaliyyəti barədə məlumat verdi.

Bakıya işgüzar səfərə bir sıra təkliflərlə gəldiyini bildirən H.İmanov dedi ki, Azərbaycan xalqı həmişə öz sülhsevərliyi və dini dözümlüyü ilə fərqlənmişdir. Hətta Ermənistanın təcavüzü xalqımızın dini dözümlük şüurunda mənfi dəyişikliyə səbəb olmamışdır. Burada bütün millətlərin nümayəndələri münaqişədən əvvəl olduğu kimi, yenə də mehribanlıq şəraitində yaşayırlar. Smolnı Universiteti dini dözümlük və sülhsevərlik mərkəzləri yaradılması konsepsiyasının hazırlanması sahəsində ciddi iş aparır. Biz Bakı Slavyan Universiteti ilə birlikdə Bakıda dini dözümlük və sülhsevərlik mərkəzi yaratmaq istəyirik.

H.İmanov başçılıq etdiyi ali məktəbin fəaliyyətinin əsas istiqamətlərindən, MDB ölkələrindən olan tələbələrin Universitetin informasiya-maarifçilik mərkəzlərində təhsilindən danışaraq vurğuladı ki, Birlik ölkələri xalqlarının tarix və mədəni irsi haqqında bu mərkəzlərdə zəngin informasiya var. Yaxın vaxtlarda Smolnı Universitetində Azərbaycanın mədəni irsinin öyrənilməsi mərkəzi yaradılacaqdır.

Görüşdə Fulbrayt nümunəsi əsasında Bakı Slavyan Universitetinin və Sankt-Peterburq Smolnı Universitetinin tələbələri üçün təqaüdlər təsis edilməsi barədə razılaşma əldə olundu. Ümummilli liderimiz Heydər Əliyevin keçmiş Sovet İttifaqı dövründə təkcə Azərbaycanda deyil, Rusiya Federasiyasında da təhsilin inkişafı sahəsində müstəsna xidmətlərini nəzərə alaraq, bu təqaüdlərə Prezident Heydər Əliyevin adını vermək təklif edildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.