MƏDƏNİYYƏT
SƏS YAZILARI LAZER DİSKLƏRDƏ MÜHAFİZƏ OLUNACAQ
Baş Arxiv İdarəsi maliyyə çətinliklərinə baxmayaraq, Dövlət Səs Yazıları Arxivində fono (səs yazıları) sənədlərin mühafizəsini dünya standartları səviyyəsində təşkil etmək üçün kompüter dəsti almışdır.
Arxivin direktoru Həsənxan Mədətov bildirmişdir ki, yeni avadanlıq 1902-1980- illərdə lentə və qramofon vallarına yazılmış 50 mindən artıq fono materialın uzun müddət yüksək səviyyədə mühafizəsi üçün müstəsna əhəmiyyətə malikdir.
Hazırda əməkdaşlar mühafizə olunan lent yazılarını və qramofon vallarını siyahılaşdırıb kompüterə daxil edir, sonra isə səs yazılarını təmizləyərək lazer disklərə köçürürlər. İndiyədək xalq artistləri Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın, Əbülfət Əliyevin və Qədir Rüstəmovun ifa etdikləri muğamlar və xalq mahnıları, habelə Azərbaycanın bir sıra görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin çıxışları da kompüterə daxil olunmuşdur. Ümumiyyətlə kompüterə daxil edilmiş fono sənədlərin həcmi- səslənmə müddəti 20 saatdan çoxdur.
Arxivin ilk diskləri də hazırdır. Bunlar Şövkət Ələkbərovanın “Oxu, gözəl” və Xan Şuşinskinin “Rast” albom-diskləridir.