SİYASƏT
SECİ TƏŞKİLATI AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLIDIR
Qonağı jurnalistlərə təqdim edən Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin rəhbəri Mətin Mirzə demişdir ki, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alveri və mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə aparan ölkəmiz bu təşkilatla 2002-ci ilin aprel ayından əməkdaşlıq edir. Hələlik Azərbaycan SECİ-yə müşahidəçi statusu ilə qəbul olunmuşdur. Ölkəmizin təşkilatın tam hüquqlu üzvü olması üçün məqsədyönlü tədbirlər görülür.
Yalçın Çakıcı demişdir ki, Avropa məkanında təhlükəsizlik, həmçinin iqtisadi və siyasi sabitliyin təmin edilməsi məqsədi ilə transmilli cinayətkarlıq və terrorçuluqla mübarizə aparan SECİ-nin hazırda 12 tam hüquqlu və Azərbaycan da daxil olmaqla 13 müşahidəçi statuslu üzvü vardır. SECİ, həmçinin İnterpol, Avropol (Avropa polis təşkilatı), ABŞ-ın Federal Təhqiqat Bürosu və Dövlət Departamenti, Beynəlxalq Miqrasiya Təşkilatı, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Sabitlik Paktı və digər təşkilatlarla da sıx əməkdaşlıq edir. MDB dövlətlərindən yalnız Azərbaycan və Gürcüstan bu təşkilatda müşahidəçi statusu ilə təmsil olunublar.
Bakıya səfərdən məqsəd GUÖAM-la, eləcə də bu qurumun terrorçuluqla mübarizə üzrə İşçi Qrupunun sədri olan Azərbaycanla əməkdaşlığın inkişafına dair müzakirələr aparmaqdır. Bundan başqa, GUÖAM məkanında Dövlətlərarası Məlumat-Analitik Sistemin yaradılması üzrə layihələrin həyata keçirilməsi ilə bağlı üzv dövlətlərin ekspertləri tərəfindən görülən işlərlə tanış olmaq, GUÖAM-ın Virtual Mərkəzləri arasında gələcəkdə mümkün əməkdaşlıq formalarını müəyyənləşdirməkdir.
Səfər çərçivəsində Yalçın Çakıcı Prezidentin İcra Aparatında, Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik nazirliklərində, Dövlət Gömrük Komitəsində və Dövlət Sərhəd Xidmətində bir sıra görüşlər keçirmiş və mövzu ilə bağlı məsələləri müzakirə etmişdir.
Çakıcı demişdir ki, Azərbaycan bir sıra beynəlxalq iqtisadi layihələrin həyata keçirildiyi ölkə olduğu üçün SECİ-nin diqqət mərkəzindədir. Bir sıra əməliyyat tədbirlərinin keçirilməsində Azərbaycanın rolu böyükdür.
Ölkənizin təşkilata tam hüquqlu üzv olması bu sahə ilə bağlı milli qanunvericilik bazası yaradıldıqdan sonra gündəliyə gətiriləcəkdir.
GUÖAM-ın terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı layihələrinin həyata keçirilməsində SECİ texniki və məşvərət yardımlarını göstərir.
Yalçın Çakıcı Türkiyənin polis orqanlarında 40 ildən çox çalışmış, bu vəzifəyə təyin olunmazdan qabaq isə 5 il İnterpolun Türkiyə Bürosunun rəisi işləmişdir.