İQTİSADİYYAT
SECO Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
Bakı, 20 dekabr, AZƏRTAC
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında SECO-nun Cənubi Qafqaz üzrə direktor müavini Simone Haeberlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdən danışılıb, növbəti dövr üçün perspektivdə duran məsələlər müzakirə edilib.
Görüş zamanı palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə bazarları üzrə qanunvericiliyin təkmilləşdirilməsi, habelə tənzimləmə istiqamətində qəbul edilmiş Qaydalar, maliyyə bazarlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə palata tərəfindən görülən işlər, bank sektorunun kapitallaşdırılması tədbirləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib. O, maliyyə infrastrukturunun gücləndirilməsinə məsul qurum kimi ilk özəl kredit bürosu olan Azərbaycan Kredit Bürosu, o cümlədən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması haqda danışıb.
SECO-nun Cənubi Qafqaz üzrə direktor müavini Simone Haeberli təmsil etdiyi qurumun "Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi"nin ikinci fazası (FSMP2) çərçivəsində palata ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu nəzərə çatdırıb.