REGİONLAR
“SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun ilin sonunadək açılışı planlaşdırılır
Sumqayıt, 5 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
“SOCAR Polymer” layihəsinə illik istehsal gücü 184 min ton olan polipropilen zavodu və ildə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edən zavod daxildir. Bu il iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində Prezident İlham Əliyev və İtaliya Prezidenti Serco Mattarella iştirak ediblər. Yüksəksıxlıqlı polietilen zavodunun isə cari ilin dekabr ayında istismara verilməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov jurnalistlərlə söhbətdə bildirib.
O deyib ki, zavodun dekabr ayının ortalarında və ya sonlarında istismara verilməsi nəzərdə tutulur: “Zavodun məhsullarının əksər hissəsi ixrac olunacaq, 35-40 faizi isə daxili tələbata yönəldiləcək”.
F.Cəfərovun sözlərinə görə, “SOCAR Polymer”in polipropilen və yüksəksıxlıqlı polietilen zavodlarının məhsulları üzrə illik satışın məbləği 350 milyon ABŞ dolları olacaq: “Məhsulların təxminən 75-80 faizi ixrac olunacaq. İxrac üçün əsas prioritet Türkiyə bazarıdır. Bundan başqa, Rusiya və Avropa bazarlarına da ixrac nəzərdə tutulur. Artıq Türkiyə və Rusiyadan ilkin təkliflər alınıb”.