İQTİSADİYYAT
SOCAR “Super” markalı benzinin satış dairəsini genişləndirir
Bakı, 13 sentyabr, AZƏRTAC
SOCAR “Super” markalı benzinin satış dairəsini genişləndirir.
AZƏRTAC “SOCAR PETROLEUM” QSC-yə istinadla xəbər verir ki, müştərilərə daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “Avro-5” standartlarına uyğun “Super” markalı benzinin daha geniş tərkibdə satışı həyata keçiriləcək. Bu yanacaq növünün satışı əvvəllər dar çərçivədə həyata keçirilirdi. Artıq böyük müştəri kütləsinin “Super” markalı yanacağa olan tələbatını nəzərə alaraq “SOCAR PETROLEUM” bu ilin sentyabr ayının 20-dən etibarən respublikadakı 7 müxtəlif ünvanda fəaliyyət göstərən “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünü təklif edəcək. Ünvanlar: Bakı-aeroport yolunun sağ tərəfi, keçmiş Sabunçu dairəsi yaxınlığı; Bibiheybət məscidinin yaxınlığı, yolun sağ tərəfi; Bakı-Quba avtomobil yolunun 28-ci kilometrində, yolun sağ tərəfi; Aeroport-Bakı yolunun sağ tərəfi, Bakı Olimpiya Stadionunun yaxınlığı; Babək prospekti, üzü şəhər istiqamətində; Ziya Bünyadov prospekti və Nobel prospekti.
“Super” yanacağının satışı ölkədə yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Sözügedən yanacağın qiyməti bir litr üçün 1,30 AZN təşkil edir və xarici ölkədən idxal olunur.