İQTİSADİYYAT
SOCAR-ın təlim mərkəzi “City & Guilds Group” tərəfindən akkreditasiya olunub
Bakı, 17 dekabr, AZƏRTAC
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Qobustan regional təlim mərkəzi dünyanın tanınmış “City & Guilds Group” kvalifikasiya qurumu (“The City and Guilds of London Institute”) tərəfindən akkreditasiya edilib, eləcə də mərkəzin tədris etdiyi 3 ixtisas - avadanlıqlara texniki xidmət; qaynaq-quraşdırma; elektrik-elektronika beynəlxalq təşkilat tərəfindən tanınıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, həmin 3 ixtisas üzrə maksimum tədris müddəti 10 aydır. Təlim mərkəzində aparılan 10 aylıq tədrisdən sonrakı 2 ay ərzində ixtisaslı fəhlə kadrları qismində müdavimlər SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsindən sonra həmin müdavimlər təlim mərkəzində təşkil olunan yekun imtahanda müvəffəqiyyət qazandıqda təlim prosesini uğurla başa çatdırmış hesab olunurlar.
TTSİ-nin işçi heyəti, təlim prosedurları, metodiki qaydaları, qiymətləndirmə sistemi, habelə Qobustan regional təlim mərkəzinin tədris fəaliyyəti haqqında məlumatlar və göstəricilər “City & Guilds Group” kvalifikasiya qurumunun ekspertləri tərəfindən araşdırıldıqdan sonra təqdim olunan sənədlərin uyğunluğu qurumun keyfiyyət üzrə məsul rəhbəri tərəfindən təsdiq edilib. Həmçinin Qobustan regional təlim mərkəzində “City & Guilds Group”un kənar auditoru tərəfindən sahə auditi başa çatdırıldıqdan sonra mərkəz 3 ixtisası tədris etmək üçün qurum tərəfindən akkreditasiya olunub. Bu SOCAR-ın regionda həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində neft-qaz istehsalat obyektlərində çalışan texniki heyətin peşə hazırlığını təkmilləşdirməsi istiqamətində növbəti uğurudur.
Qeyd edək ki, 2005-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 5 təlim mərkəzindən, qaynaq sexlərindən, fiziki və mexaniki sınaq laboratoriyalarından ibarətdir. İdarə fəaliyyətdə olduğu müddət ərzində ayrı-ayrı peşələr və ixtisaslar üzrə tədris olunan təlim kurslarının 100 mindən çox iştirakçısına sertifikat təqdim olunub.