İQTİSADİYYAT


SOCAR istiqrazlarının sahiblərinin ümumi qazancı 20 milyon dollara çatıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Artıq 4 ildir ki, investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR istiqrazları oktyabrın 17-də baş tutan sayca 16-cı faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dolları gəlir gətirib. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 20 milyon dollara yüksəlib.

“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1,25 milyon dollarlıq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülür.

Qeyd edək ki, 17 oktyabr tarixi qeyri-iş gününə təsadüf etdiyi üçün budəfəki faiz ödənişləri növbəti iş günü həyata keçiriləcək.

Təkrar bazar əməliyyatları həcminin 193 milyon dolları ötməsi, bağlanmış əqd sayının 2,3 minə çatması, buraxıldığı tarixdən indiyədək Bakı Fond Birjasında ən çox tədavül edilən korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 36 milyon dolları üstələməsi SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin yanvarın 17-də baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların daim xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.