REGİONLAR
Saatlıda 41 min tondan çox süd istehsal olunub
Saatlı, 11 yanvar, Mahir Babayev, AZƏRTAC
Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarda 66 min 363 baş iribuynuzlu heyvan və 117 min 662 baş qoyun-keçi saxlanılır. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib. Yola saldığımız 2018-ci ildə rayonda 7 min 20 ton ət (diri çəkidə), 41 min 478 ton süd və 156 ton yun istehsal edilib ki, bu da inişilkindən xeyli çoxdur.