CƏMİYYƏT
Saatlıda polis əməkdaşları reyd keçirib
Bakı, 19 aprel, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti və karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaların qorunmasının təmin edilməsi məqsədilə iri ticarət obyektlərində reyd keçirib. Bu obyektlərdə olan işçilər və müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, qayda pozuntusuna yol vermiş 8 nəfər barəsində isə protokollar tərtib edilib.
Bundan əlavə, yol polisləri tərəfindən rayon ərazisində də reyd keçirilib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan və eyni zamanda, karantin rejiminə əməl etməyən 18 sürücü barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.