REGİONLAR
Saatlının daha iki kəndinə ilk dəfə təbii qaz verilib
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Saatlı rayonunun Əliabad və Şirinbəyli kəndlərinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 243 abonenti olan Əliabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 455 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
729 abonenti olan Şirinbəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 528 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 54 min 494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 729 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Saatlının daha 4 kəndində - Sarıcalar, Qara Nuru, Qazanbatan və Məmmədabad kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilməsi təmin olunacaq.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.