REGİONLAR
Sabirabadda 20 məcburi köçkün ailəsi ipəkqurdu bəsləyir
Sabirabad, 13 may, Mahir Babayev, AZƏRTAC
Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə ikinci ildir ki, ipəkqurdu bəslənilir.
Dövlətimizin başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzaladığı sərəncamlar uzun illər bu sahə ilə məşğul olan zəngilanlı ipəkçilərin də ürəyincədir.
Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq Zəngilanda əsas təsərrüfat sahələrindən biri olub. Rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunana qədər hər il 18-20 ton barama istehsal edilirdi. İpəkqurdu becərilməsində yaxşı təcrübəsi olan kümçülər də çoxdur. Onlar bu gün də ipəkqurdu becərmək arzusundadırlar. Baramaçıların istəyini nəzərə alaraq 4 il bundan əvvəl qəsəbəyə yaxın ərazidə 5 hektar sahədə 15 min tut tingi əkilib. Ötən il altı ailə hər biri 2 qutu (38 qram) ipəkqurdu toxumu bəsləyərək 500 kiloqram barama tədarük ediblər. Bu mövsüm isə qəsəbədə yaşayan 20 ailə ipəkqurdu bəsləyir.
Təcrübəli kümçü Həsən Sadıqov uzun illər barama istehsalı ilə məşğul olub. Bu sahədə zəngin təcrübəsi var. “Zəngilanda yaşadığımız illərdə ailə üzvlərim ilə birlikdə hər il 750-800 kiloqram barama istehsal edirdik. Nəhayət, 25 ildən sonra yenidən bu sahə ilə məşğul olmağa başlamışam. Ötən il iki qutu (38 qram) ipəkqurdu toxumundan 78 kiloqram barama istehsal etdim. Bu mövsüm isə 3 qutu ipəkqurdu toxumu götürərək bəsləyirəm”, - deyə kümçü bildirib.
Həsən Sadıqov onu da qeyd edib ki, qəsəbədə yaşayanlar arasında ipəkqurdu bəsləmək arzusunda olan çoxlu sakin var. Ancaq yem sarıdan bəzi çətinliklər olduğundan işə başlaya bilmirlər. Əgər əlaqədar təşkilatlar tərəfindən gələcəkdə bu problem həll olunarsa, daha çox ailə barama istehsalı ilə məşğul olar.