REGİONLAR
Sabirabadın Qaratəpə kəndində məktəb binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir
Sabirabad, 28 noyabr, Mahir Babayev, AZƏRTAC
Sabirabadın 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1981-ci ildə istifadəyə verilən məktəb binasında 35 il ərzində təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradırdı. Bu problem nəzərə alınaraq ötən ilin sonlarında məktəb binasında təmir işlərinə başlanılıb.
Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, havalandırma sistemi qurulub, sinif otaqları, fənn kabinələri, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar demək olar ki, yenidən tikilib. Hazırda təhsil ocağında yeni avadanlıq və inventarlar quraşdırılır, ərazidə abadlıq işləri aparılır. Məktəb binası yaxın günlərdə müəllim və şagird kollektivinin istifadəsinə veriləcək.