REGİONLAR
Şabranda atmosfer havasını çirkləndirən 15 avtomobilin sürücüsü barədə protokollar tərtib edilib VİDEO
Şabran, 16 avqust, Elxan Yusifli, AZƏRTAC
Nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi daşıyan “Təmiz hava” aylığı çərçivəsində Şabran şəhərində növbəti reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd zamanı nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb.
Şabran Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsinin rəisi Nazim Kərimov bildirib ki, şəhərin əsas küçələrində keçirilən reyd zamanı, ümumilikdə, 60-dan çox avtomobil fərdi qaydada yoxlanılıb. Atmosfer havasını çirkləndirən 15 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.
Yoxlamaya cəlb olunan nəqliyyat vasitəsi sahiblərinin və sürücülərin nəzərinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasından sonra istismar etməlidirlər.