REGİONLAR
Şabranda yas mərasimi təşkil edən 3 nəfərin işi məhkəməyə göndərilib
Şabran, 4 may, Elxan Yusifli, AZƏRTAC
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejiminin pozulması ilə müşayiət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mayın 4-də Qazbabalı kəndində ev sahibi atasının vəfatının qırx günlüyü ilə əlaqədar yas mərasimi keçirməyə cəhd edib. Daxil olmuş məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər. Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.
Mərasimi təşkil edən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.