REGİONLAR
Şagirdlər ali təhsil müəssisələrinə ekskursiya ediblər
Naxçıvan, 5 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə ekskursiyaları təşkil olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, növbəti ekskursiyada Şərur rayon, Sədərək rayon və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə, ümumilikdə, 70 şagird iştirak edib.
Muxtar respublikanın ali təhsil ocaqlarına ekskursiya edən şagirdlər bu ali təhsil müəssisələrində kadr hazırlığı aparılan ixtisaslar və tələbələr üçün yaradılan şərait haqqında məlumat alıblar. Eyni zamanda, şagirdlər dərslərdə iştirak edib, müəllim və tələbələrlə görüşüb, kitabxana, akt və idman zalları, kompüter və elektron lövhəli otaqlar, laboratoriyalar və yataqxana ilə yaxından tanış olublar.
Martın 15-dək davam edəcək ekskursiyaların Naxçıvan Dövlət Universitetinə, “Naxçıvan” Universitetinə və Naxçıvan Müəllimlər İnstitutuna təşkili nəzərdə tutulub. Ekskursiyalarda muxtar respublikanın bütün şəhər və rayon məktəbliləri təmsil olunmaqla, ümumilikdə, 300-dən çox şagird iştirak edəcək.
Məzunların ixtisas seçiminə müsbət təsir göstərəcək ekskursiyaların davamlı olaraq təşkili planlaşdırılır.