REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında inklüziv təhsilin rolu böyükdür
Ağcabədi, 22 oktyabr, AZƏRTAC
Ağcabədidə fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, fiziki məhdudiyyətli məktəbəqədər yaşlı uşaqların korreksiyası, reabilitasiyası, təlim-tərbiyəsi, fiziki və əqli inkişafı, inkişaf pozuntusu olan məktəbəqədər yaşlı uşaqlarla sosial işin təşkili istiqamətində mühüm işlər görür.
İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin direktoru Radə Qafarova AZƏRTAC-a bildirib ki, fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə Ağcabədi, Ağdam, Bərdə və Beyləqan rayonlarından, ümumilikdə, 81 sağlamlıq imkanları məhdud uşağa xidmət göstərilib.
Hazırda mərkəzdə uşaqlar üçün loqoped, psixoloq, xidmətləri göstərilir, fiziki məhdudiyyətli insanlar üçün müxtəlif dərnəklər, məktəbəqədər hazırlıq kursları təşkil olunur. İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi xüsusilə məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi rol oynayır.