ELM VƏ TƏHSİL
Sağlamlıq imkanları məhdud uşaqlarla sosial iş beynəlxalq təcrübə əsasında formalaşdırılacaq
Bakı, 25 iyul, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlarla, xüsusən sağlamlıq imkanları məhdud uşaqlarla sosial iş institutu mütərəqqi beynəlxalq təcrübə əsasında formalaşdırılacaq. Bu işin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericilik təkmilləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, bu istiqamətdə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti dövlət orqanları birgə fəaliyyət göstərəcəklər.
Qeyd olunanların 2020-2023-cü illərdə icra olunması nəzərdə tutulur.
Xatırladaq ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutmaqla “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014─2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin davamı olaraq tərtib edilib. İnsan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi üçün hazırlanıb.