İDMAN
Şahanə Hacıyeva: Paracüdo üzrə Qran-Pri turnirində qalib gələcəyimə çox inanırdım
Bakı, 13 may, AZƏRTAC
Bu yarışa çox ciddi hazırlaşmışdım. Ona görə də qalib gələcəyimə çox inanırdım. Birinci və ikinci görüşlərim çətin olsa da, finalda rəqibimi asanlıqla məğlub etməyi bacardım.
Bu sözləri Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan idmançısı Şahanə Hacıyeva AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
“On səkkiz yaşım var və yarışlara ciddi hazırlaşıram. Çünki gərgin və intensiv məşqlər tatami üzərində öz sözünü deyir. Mən bu məşqlər sayəsində çıxış etdiyim ikinci beynəlxalq yarışda belə mühüm nəticə qazana bildim. İştirak etdiyim birinci yarış dünya çempionatı idi. Həmin çempionatı gümüş medalla başa vurdum. Ən böyük hədəfim isə gələcəkdə paralimpiya çempionu olmaqdır”, - deyə gənc idmançı bildirib.
Heydər Əliyev adına İdman Sarayında keçirilən Qran-Pridə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışa mayın 14-də yekun vurulacaq. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.