REGİONLAR
Şahbuz rayonunda ahıl və yataq xəstəsi olan 35 nəfər tibbi müayinə olunub
Şahbuz, 24 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini uğurla davam etdirirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, həmin tədbirlərin davamı olaraq xəstəxananın 16 nəfərdən ibarət həkim briqadası tərəfindən Şahbuz rayonunun Biçənək, Ağbulaq və Kolanı kəndlərində müayinələr aparılıb. Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq, reabilitoloq, proktoloq, feldşer və başqa ixtisas həkimləri iştirak ediblər.
Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 35 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar verilib.
Ahıl və yataq xəstələrindən Biçənək kəndindən Əqil Hüseynov, Kolanı kəndindən Adil Quliyev, Ağbulaq kəndindən isə Əziz Hüseynov başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.