İQTİSADİYYAT
“Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 77 faizdən çoxu tamamlanıb
Bakı, 22 avqust, AZƏRTAC
Bu ilin birinci yarısında “Şahdəniz Mərhələ 2” layihəsi uğurla irəliləməyə davam edib. Hazırda layihə üzrə işlərin - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycandakı bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Cari ilin ikinci rübündə İsrafil Hüseynov borudüzən gəmisi “Şahdəniz”in şimal cinahındakı sualtı qurğular birləşməsindən platformaya qədər olan sualtı kəmərin kompleks quraşdırılmasını başa çatdırıb. Gəmi hazırda digər sualtı kəməri quraşdırmaqdadır. Bundan sonra qərb cinahındakı daha iki sualtı kəməri quraşdırmaq üçün oraya yönələcək.
“Xankəndi” sualtı tikinti gəmisinin suya endirilməsindən sonra, əsas kran quraşdırılmaq üçün bu yaxınlarda gəmiyə gətirilib. Hazırda istismara verilmə və sertifikasiya üçün hazırlıq işləri gedir. Bu işlər bitdikdən sonra bu yeni gəmi “Şahdəniz-2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.
“Azərbaycan” kran barjı “Şahdəniz”in şimal cinahındakı bütün sualtı fontan qurğularının və infrastrukturun quraşdırılmasını müvəffəqiyyətlə başa çatdırıb.
Yanvar-iyun aylarında ATA sahəsində iki “Şahdəniz-2” platformasının üst modullarının istismara verilməsinə başlanılıb və artıq 50 yaşayış modulunun hamısı yaşayış, texniki emal platformasında quraşdırılıb. Bakı Dərin Özüllər Zavodu sahəsində hasilat və dikborular platformasının dayaq bloku üzərində bütün dikborular və hər iki nəhəng ponton çənləri quraşdırılıb. Cari ildə dayaq bloku dənizə yola salınmazdan əvvəl onun yekun tikinti və sınaq işləri aparılır.
Bu ilin birinci yarısında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub. Onların 80 faizdən çoxu məhz Azərbaycan vətəndaşlarıdır.