İQTİSADİYYAT
Sahil Babayev: Azərbaycan-Serbiya əməkdaşlığı genişlənərək iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan və Serbiya strateji tərəfdaşlıqdan irəli gələn bir çox sahələrdə əlaqələrin genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb. Bu ilin beş ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 55 faiz artıb. Ötən il pandemiyanın məhdudiyyətlərinə baxmayaraq, həmin rəqəm 6,5 faiz artmışdı. Azərbaycan şirkətləri Serbiyada, Serbiya şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Bu sahədə ən uğurlu nümunələrdən biri “Azvirt” şirkətidir. Serbiyanın ən mürəkkəb yollarından birini Azərbaycan şirkəti inşa etmişdir. Hazırda bu tipli layihələrdə əməkdaşlığımız fəal şəkildə davam edir və investisiya əlaqələri xeyli genişlənib.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu ilə əlaqədar jurnalistlərə verdiyi müsahibədə bildirib.
Nazir daha sonra deyib: “Azərbaycanla Serbiya arasında humanitar əlaqələr xüsusilə genişdir. Belqradda mərkəzi parklardan birində bərpa və yenidənqurma işlərinin aparılması ölkəmizin verdiyi dəstək sayəsində həyata keçirilib. Ölkənin paytaxtında Azərbaycanın dahi şəxsiyyətlərinin, o cümlədən xalqımızın ümummilli lideri Heydər Əliyevin, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılıb. Bakıda isə məşhur elektrik mühəndisi Nikola Teslanın heykəli var. Azərbaycan universitetlərində serb dili və mədəniyyətinin, Serbiyada isə Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi üzrə xüsusi fakültələr var. İki ölkə arasında bütün əlaqələr aktiv inkişaf edir və forumda onun genişləndirilməsi üçün imkan və potensialları müzakirə etdik”.
“İlk növbədə tərəfdaş, strateji partnyor olan ölkə kimi Serbiyanın işğaldan azad edilmiş ərazilərin bərpası işlərində iştirak etməyə dəvət etdik və onların da buna böyük marağı olduğunu öyrəndik. İnanırıq ki, həmin ərazilərdə serb şirkətləri ilə sıx əməkdaşlıq ediləcək. Digər tərəfdən Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm nəqliyyat, həm də logistika baxımından regionda çox böyük dəyişikliyə səbəb olacaq. Serbiya tərəfindən olan nümayəndələr bu sahədə olan layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Biznes forumda, həmçinin ticarət əlaqələri, kənd təsərrüfatı məhsullarının Serbiyaya ixracı sahəsində müxtəlif imkanlar, serblərin kosmik peyklərdən istifadə imkanları müzakirə edildi. Ortaq şirkətlərin, müştərək müəssisələrin yaradılması, qarşılıqlı investisiya layihələrinin icra edilməsi gündəmdə olan digər məsələlərdən biridir. Enerji əməkdaşlığı sahəsində də müzakirələr apardıq. Serbiya tərəfi Cənub Qaz Dəhlizindən bəhrələnmək, onunla birləşmək və gələcəkdə ölkəmizdən qaz təchiz etməkdə maraqlı olduğunu da bildirib və bu istiqamətdə də əməkdaşlığın aparılacağı qeyd edilib. Ümumilikdə turizmdən tutmuş iqtisadi, sosial, mədəni, ticarət, investisiya və digər sahələrdə əlaqələrin genişləndirilməsində ciddi potensial var. Güman etməyə dəyər ki, yaxın vaxtlarda bu iki ölkənin əməkdaşlığında ciddi irəliləyişlərə nail olmaq mümkün olacaq”, - deyə nazir əlavə edib.