İDMAN
Şahmat üzrə Avropa çempionu: hədəf dünya çempionluğudur
Bakı, 31 may, Leyla Qurbanova, AZƏRTAC
Azərbaycan şahmatçılarının da qatıldıqları rapid üzrə onlayn Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız qitə çempionatında artıq bir sıra uğurlar əldə ediblər. Yarışın A qrupunda (reytinqi 1400-ə qədər olan şahmatçılar arasında) mübarizə aparan şahmatçımız Gülsənəm Ağayevanın qızlar arasında birinci, ümumi nəticədə isə ikinci olması əldə edilmiş yüksək nəticələr sırasındadır.
Şahmatçımız AZƏRTAC-a müsahibəsində qitə çempionatının A qrupunda Avropanın 53 ölkəsindən 1700-ə yaxın zəka ustasının mübarizə apardığını bildirərək deyib: “Turnir gərgin idman mübarizəsi şəraitində keçdi. Düzdür, onlayn formatda mübarizə aparmaq bir qədər çətindir. Çünki rəqibinlə üzbəüz qarşılaşma zamanı psixoloji olaraq ona təsir edə bilirsən. Digər cəhətdən, onlayn qaydada mübarizəyə o qədər də alışmamışıq. Amma hansı formatda olursa-olsun, özünü ələ almağı bacarmalısan. Seçmə mərhələdə uğurla çıxış edib finala vəsiqə qazananda çox sevindim. Düzü, bu nəticəni gözləyirdim. Çünki elə ilk görüşlərdən oyunlarım alınırdı. Ən çətin görüşüm isə finalda ispaniyalı şahmatçı ilə oldu. Sonuncu qarşılaşma zamanı səhvə yol verməmək üçün bütün səylərimi toplamağa çalışdım və nəticə heç-heçə oldu. Çünki, mübarizədə uduzsaydım, ümumi nəticədə ikinci yeri tuta bilməzdim. Amma bu məğlubiyyət qızlar arasında yer tutmağıma təsir etmirdi. Avropa çempionluğum həm də rapid üzrə ilk böyük uğurumdur. Ümumiyyətlə, bundan qabaq əldə etdiyim uğurlar blits və klassik şahmat yarışlarında olub”.
G.Ağayeva şahmatda ilk addımlarını “Təhsil” RİM-in Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbində atdığını bildirib: “Ailəmizdə məndən başqa şahmatçı yoxdur. Atam məndə şahmata olan marağı hiss edəndə artıq 8 yaşım var idi və o zamandan “Təhsil” RİM-in Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbində məşğul olmağa başladım. Məşqçilərim Elnura Şükürova və Hikmət Şükürov bu idman növü üzrə böyük potensialımın olduğunu bildirdilər. İlk qələbəmi Lənkəran şəhər birinciliyində qazandım. İlk böyük uğurumu isə 2018-ci ildə keçirilmiş respublika şahmat olimpiadasında 12 yaşadək qızlar arasında ikinci, 16 yaşadək qızlar arasında isə üçüncü yeri tutmaqla əldə etdim. Müxtəlif yarışlarda iştirakımız üçün hər bir şərait yaratdığına görə, “Təhsil” RİM-in Lənkəran Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin rəhbərliyinə və hazırlığımda zəhməti olan məşqçi-müəllimlərimə minnətdarlığımı bildirirəm”.
Şahmatçı dərslərini də yaxşı oxuduğunu ən sevimli fənlərinin ədəbiyyat və tarix olduğunu vurğulayıb: “Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb liseyinin 8-ci sinfində təhsil alıram. Əlaçıyam. Çalışıram ki, həm dərslərimdə, həm də şahmat sahəsində uğurlar əldə edim. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Sevdiyim fənlər ədəbiyyat və tarixdir. Hazırda karantin dövründə daha çox evdə vaxt keçirməyə çalışıram. Ümumiyyətlə, infeksiya səbəbindən şəhərimizdə karantin vəziyyəti davam edir və bacardıqca başqaları ilə az ünsiyyətdə oluruq. Şübhəsiz, şahmatla daha çox məşğul olmaq imkanı yaranıb”.
Bu ilin onun üçün uğurlu olduğunu bildirən Avropa çempionu hədəfin dünya çempionluğu olduğunu bildirib: “Bu il İranın Rəşt və Mazandaran şəhərlərində keçirilmiş beynəlxalq turnirlərdə 14 yaşadək şahmatçı qızlar arasında qalib adını qazanmışam. Ağcabədidə yeniyetmə şahmatçılar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarında da uğurla çıxış edərək 14 yaşlı qızlar arasında birinci yeri tutmuşam. “Təhsil” RİM-in blits üzrə onlayn respublika birinciliyində isə ikinci pillədə qərarlaşmışam. Əminəm ki, Azərbaycan birinciliyinin finalında da yüksək səviyyədə oynaya bilərəm. Hələlik, karantin vəziyyətində hansı yarışın nə vaxt keçiriləcəyi ilə bağlı qeyri-müəyyənlik var. Düşünürəm ki, bundan sonra da hazırlığımı davam etdirib daha yüksək nəticələr uğrunda mübarizə apara bilərəm. Əsas hədəf isə dünya çempionluğudur”.