MƏDƏNİYYƏT
Sain Fərhad Fərmanlı: Bir Hollivud və iki Bollivud filmində iştirak etmək üçün dəvət almışıq
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Trend informasiya mərkəzində Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, Beynəlxalq Nomad Stunts “Peşəkar Kaskadyorlar" qrupunun Azərbaycandakı nümayəndəsi, peşəkar idmançı, aktyor Sain Fərhad Fərmanlının rəhbərliyi ilə “Sain's Action Team” kaskadyorlardan ibarət komandanın mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Sain Fərhad Fərmanlı “Sain's Action Team” barədə məlumat verib.
“Sain Action Team”ə bir xanım (Aytac Əliyeva) və beş kişi (aktyor Vüqar Məmmədov, Emin Abışov, Tural Şirməmmədov, Tural Xəlilli və Sain Fərhad Fərmanlı) daxildir.
Sain Fərhad Fərmanlı bildirdi ki, “Sain’s Action Team”in əsas məqsədi film industriyasında "Action" janrının inkişafı, döyüş növlərinin təbliği, aktyorların döyüş səhnələri üçün hazırlanması, döyüş səhnələrinin xoreoqrafiyası, kaskadyorluq, fitness və idmanın təbliğidir.
“Bir Hollivud filminə, iki Bollivud filminə dəvət almışıq. Bu böyük layihəni reallaşdırmağı planlaşdırırıq. Bu layihə çərçivəsində Hollivud ulduzları dəvət olunacaq. 7 il fəaliyyətimiz ərzində təkcə Azərbaycanda deyil, həmçinin xaricdə filmlərə çəkilmişik. Bu yaxınlarda Qazaxıstanda “Tomiris” filminin çəkilişlərində iştirak etdik. Bu filmin döyüş səhnələri vasitəsi ilə 2020-ci ildə “Taurus Awards” almağa hədəfləmişik. 2020-ci ildə Zaur Təhirsoyun rejissorluq etdiyi “Babək” filmi çəkiləcək. Tryuklarımız atlarla bağlı olduğu üçün bu tryukları yerinə yetirmək çox çətindir. Hazırda Qazaxıstanla mövcud mədəni əlaqələrimiz ölkə siyasətinə dəstəkdir. Bu əlaqələri güclənməsinə və genişlənməsinə töhfə vermək əsas məqsədlərimizdəndir. Bizim əsas məqsədimiz Azərbaycanda kaskadyorluq sahəsini inkişaf etdirmək, gələcəkdə bu sahədə savadlı və təcrübəli kaskadyorlar yetişdirməkdir. Hazırda Qazaxıstan istehsalı olan növbəti filmdə döyüş səhnələrində iştirak üçün dəvət almışıq”, - deyə Sain Fərhad Fərmanlı deyib.
Qazaxıstanın Azərbaycandakı səfirinin birinci katibi Nurbek Aımaşov çıxışında “Tomiris” filminin çox böyük uğur qazanacağına əminlik ifadə edib. Sain Fərhad Fərmanlıya və komandasına təşəkkür edib. Azərbaycanlı aktyor-kaskadyorların belə böyük layihədə iştirakını yüksək qiymətləndirib.
Diplomat bildirib ki, belə layihələr iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək.
Qeyd olunub ki, peşəkar “Sain's Action Team” komandası ilə Qazaxıstanda yeni tarixi film üzərində (döyüş səhnələri üzrə) hazırlıq işləri ilə məşğul olan Sain Fərhad Fərmanlı Azərbaycanda da çəkilən bir çox məşhur filmlərdə də döyüş səhnələrinin xoreoqrafı və aktyor kimi müxtəlif obrazlar yaradıb. Həmin filmlərdən "Əli və Nino", "Qorxma mən səninləyəm 1919", "Don Marleoni" və sair göstərmək olar.
Hollivudda təhsil alan yeganə Azərbaycanlı kaskadyor-aktyor Sain Fərhad Fərmanlı və komanda üzvləri konfrans iştirakçılarının suallarını cavablandırıblar.