REGİONLAR
Salomzoda Sidjouddin: Blokada şəraitində yaşayan Naxçıvanda müşahidə etdiyim sürətli inkişaf məni heyrətləndirdi
Bu sözləri MDB ölkələrinin sənayedə təhlükəsizlik üzrə Dövlətlərarası Şurasının Naxçıvan Muxtar Respublikasında keçirilmiş XII iclasının iştirakçısı, Tacikistan Hökuməti yanında Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Xidmətinin rəisi Salomzoda Sidjouddin AZƏRTAC-a müsahibəsində söyləyib.
S.Sidjouddin onu da bildirib ki, son illər Azərbaycan Respublikası sürətli iqtisadi inkişafı ilə diqqəti cəlb edir. Bu inkişafı Bakı şəhəri və Azərbaycanın digər regionları kimi, Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar.
“Muxtar respublikada infrastruktur çox yüksək səviyyədədir. İstər şəhərdə, istərsə də kəndlərdə çox gözəl binalar tikilib, yollar ən müasir səviyyədə qurulub. Yaşıllığa xüsusi diqqət yetirildiyi hiss olunur”, – deyən Tacikistan Hökuməti yanında Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Xidmətinin rəisi onu da əlavə edib ki, bütün bunlar muxtar respublikada turizmin inkişafına geniş imkanlar açır.
Naxçıvanda möhtəşəm tarixi abidələrin, Əshabi-Kəhf kimi müqəddəs məkanların olduğunu deyən Salomzoda Sidjouddin burada tarixi yerlərə göstərilən xüsusi diqqətə heyran qaldığını bildirib: “Muxtar respublikada min illərin tarixi ilə həmyaşıd olan abidələr qorunub saxlanılmaqla yanaşı, həm də bərpa edilib. Bu, məni çox sevindirir. Çünki Azərbaycan, Naxçıvan tacikistanlılar üçün də doğmadır, əzizdir”.
Duzdağ Fizioterapiya Mərkəzindən də söz açan tacikistanlı qonaq bu məkanın bütün dünya xalqları üçün əhəmiyyətli şəfa mənbəyi olduğunu xüsusi vurğulayıb.