REGİONLAR
Salyanda “Uşaq guşəsi” və “Gələcəyin kodlaşdırılması” layihələrinin icrasına başlanılıb
Salyan, 22 fevral, Mahir Babayev, AZƏRTAC
Fevralın 22-də Salyan Rayon Mərkəzi Kitabxanasında yerləşən Salyan-Amerika Mərkəzində “Uşaq guşəsi” və “Gələcəyin kodlaşdırılması” layihələrinin icrasına başlanılıb.
Bu münasibətlə keçirilən tədbirdə valideynlər, ictimaiyyət nümayəndələri, uşaq və yeniyetmələr iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Mişel Petersen layihələrin uşaq və yeniyetmələrin həyatında oynaya biləcək roldan danışıb. Qeyd olunub ki, 2018-ci ildən başlayaraq Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşmış məcburi köçkün uşaqları arasında İT savadlılığının artırılması və kodlaşdırma (proqramlaşdırma) üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə “Code for Future” (Gələcəyi kodlaşdır) təşəbbüsünə start verilib.
İlk pilot layihə ötən ilin sentyabrında Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkün uşaqlar üçün həyata keçirilib. Növbəti layihə Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün uşaqlar üçün “Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsi” adı altında təşkil olunub. Tədris düşərgəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənir, “Scratch”, HTML və CSS kimi proqramlaşdırma dilləri üzrə ilkin biliklərə yiyələnirlər.
Hər iki layihənin uğurlu icrasının davamı olaraq, eyniadlı layihə Salyanda da reallaşdırılıb. Bu məqsədlə, ilk olaraq 2019-cu ilin fevral ayının 16-da Salyan rayonundan olan iştirakçıların seçim prosesi aparılıb. Həmçinin ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə fevralın 22-24-də Salyan rayonundan seçilmiş məktəbli uşaqlar üçün “Scratch” proqramı üzrə 3 günlük sürətləndirilmiş tədris düşərgəsinə (bootcamp) start verilib.
Qeyd edək ki, “Code for Future” təşəbbüsünün ideya müəllifi Şəmsiyyə Mustafayeva, icraçısı Xalisə Şahverdiyevadır. “Code for Future” proqramı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.