CƏMİYYƏT
Salyanda “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda konfrans keçirilib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 7-də Salyan rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Vətənpərvərlik: milli-mənəvi dəyər kimi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, Salyan Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin əməkdaşları, ziyalılar, Vətən müharibəsi iştirakçıları, eləcə də şəhid ailələrinin üzvlərinin iştirak etdiyi tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev mövzunun əhəmiyyətindən danışıb.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxış edərək bu cür tədbirlərin gənclərimizdə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliği baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib. Bildirib ki, Vətən müharibəsində xalqımız güclü birlik və həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Milli-mənəvi dəyərlərimizə, Vətəninə, dövlətinə sadiq gənclərimiz torpaqlarımızın işğaldan azad olunması naminə qəhrəmanlıq göstərdilər. DQİDK-nın şöbə müdiri onu da vurğulayıb ki, 30 ildən sonra Azərbaycan bayrağı işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda dalğalanmaqdadır.
Şəhid ailələrinin üzvləri Əliş Şirinov, Arzu Quliyeva, Vətən müharibəsi iştirakçısı Murad Fevziyev, eləcə də Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev mövzu ilə bağlı çıxış ediblər. Qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət göstərilir.